Kitabları həyat hadisələrinin əksi sananlar yanılmırlar. Yazıçılar, şairlər bədii əsərlərinin qəhrəmanlarını sanki bizim ətrafımızdakı insanların arasından seçərək yaradırlar. Biz həyatda olduğu kimi, bədii əsərlərdə də müxtəlif xarakterli insanlarla rastlaşırıq. Bədii sürətlərdən bəziləri müsbət, digərləri isə mənfi keyfiyyətlərə malik olurlar. Buradan da oxucularda onlara qarşı rəğbət və ya nifrət hissi oyanır. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır.  Mən insanlarda mərdlik, çətinliklərdən qorxmamaq, sirr saxlamaq kimi keyfiyyətləri yüksək qiymətləndirirəm. Seçdiyim ədəbi qəhrəmanı da elə bu meyarlarla müəyyənləşdirmişəm. Bu, Azərbaycan yazıçısı Məhəmmədhüseyn Təhmasibin qələmə aldığı “Çiçəkli dağ” əsərindəki Mətanət obrazıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının gözəl bilicisi olan M.Təhmasib “Çiçəkli dağ” əsərini də sirli-sehirli nağıllarımızın motivləri əsasında qələmə almışdır.  Yazıçının əsərdə böyük məhəbbətlə yaratdığı Mətanət surəti təmiz əqidəli gənc azərbaycanlı qızların ümumiləşdirilmiş obrazıdır. O, 60 yaşında nurani bir alim olan Həkimin şagirdidir, cəmi 18 yaşı var. Lakin gənc olmasına baxmayaraq, onun möhkəm xarakteri formalaşıb. Yazıçı bu gənc qıza Mətanət adı verməklə onun xarakterinin möhləmliyini xüsusi nəzərə çarpdırmaq istəmişdir. Mətanət elmin sirlərini mükəmməl bilən müəllimindən yaxşı bilik və həyat dərsi alıb. Zülmkar Simnar xan həmkəndlilərini incidəndə, kəndə gələn suyun qarşısını kəsəndə Mətanət müəllimi Həkimə qoşularaq ona Çiçəkli dağındakı daşları əridə bilən, torpağın bəhrəsini artıran dərman hazırlamaqda kömək edir. Bundan sonra hadisələrin inkişafı dramatik xarakter alır. Simnar xan Qaraqayanı yarmaq, suyun qabağını açmaq istəyən həkimi zindana saldırır, onun hazırladığı dərmanın sirrini öyrənmək istəyir. Həkimi ələ salmaq cəhdləri baş tutmadıqda Simnar xan dərmanın sirrini Mətanətdən oyrənmək istəyir. Lakin o yanılırdı. Mətanət ona verilən işgəncələrdən, zindana salınmaqdan əsla qorxmur. Müəlliminin hörmətini uca tutur, dərmanın sirrini vermir. Mətanətin ondan dərmanın sirrini öyrənmək istəyən zülmkar xana qəti cavabı belə olur: “Bilmirəm, bilsəm də, demərəm”. Şagirdin iradəsi, dözümü, hətta daşa dönmək təhlükəsi qarşısında sınmaması müəlliminin qəlbini шаешчфк hissi ilə doldurur. Mətanətin sirr verməməsindən böyük qürur duyan Həkim iftixarla deyir: “Sən doğrudan da Mətanət imişsən”.   Bu kimi keyfiyyətlərinə görə mən Mətanəti idealım hesab edirəm və həyatda da seçdiyim bu, ədəbi qəhrəmana oxşamaq istəyirəm.

Advertisements