Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elmlə məşğul axtarmaq isə gözəlliyin sorağında gəzmək, onu kəşf etmək deməkdir. Çünki həqiqətən gözəllikdən, gözəllik isə həqiqətdən ayrı deyildir. Gözəlik duyğusu varlığın inikası, mövcud həqiqətin idrakıdır. İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir.

 

Elm həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.

 

Hələ XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Şairin fikrincə, adamlar elmin gücü ilə qələbə çalıb müvəffəqiyyət qazana bilərlər. Nizami elmə, elm adamına olan yüksək münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə belə verir:

O böyük, ağıllı, ayıq hökmdar

Öz şahlıq taxtında tutarkənqərar,

Əmr etdi, verildi belə bir fərman:

“Alimdir gözümdə ən əziz insan

Elmlə, hünərlə! Başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.”

Ata-babalarımız da elmə, elm adamına həmişə yüksək qiymət vermiş, ehtiramla yanaşmışdır. Bunu ulularımızın elm haqqındakı hikmətli kəlamlara da sübut edir:

Elm ağlın çırağıdır.

Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən, bir o qədər artır.

Elm öz sahibinə böyük zinətdir.

Elmsiz adam meyvəsiz ağac kimidir.

Müasir dövrümüz yüksək texnika dövrü, yüksək sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir.

 

Bu gün mən parta arxasında əyləşərək sevimli müəllimlərimdən elmin dərinliklərini öyrənir, bilik əldə edirəm. Bilirəm ki, elm, bilik böyük qüvvədir, gələcək yüksək ixtisasların özülüdür. Ona görə də çalışıram ki, müəllimlərimin verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, onlara  diqqətlə qulaq asım, çoxlu elmi kitablar oxuyum. Ancaq elmli, bilikli olduğum təqdirdə mən başqalarından üstün ola bilərəm. Mən isə, həqiqətən, üstün olmaq,öz biliyimlə, bacarığımla tanınmaq istəyirəm.