Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib. 

Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir.

 

Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.

 

Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır. Hələ Kəlbəcər, Turşsu, İsa bulağı…

 

Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də, verdik yağı ayağının tapdağına. Özümüz göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.

 

Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.

 

Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:

Sinəmə dağ oldu – gülüzlü Şuşa,

Şuşasız bu dünya laləzar deyil,

Şuşasız bu ölkə yoxdur – var deyil.

Bu gün biz “Qarabağ bizimdir!” deyib özümüzə təsəlli  versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşməmlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən” kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.

 

Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən  arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.

Keçmə şerindən, muiqisindən,

Könlümün sevgisi bu oylaqdadır.

Sevinməyə haqqım yoxdur dünyada

Çünki Qarabağım dar ayaqdadır.