Əmək ən gözəl estetik varlıqdır. Əmək insanı mənən ucaldır, onda estetik zövq yaradır. Əmək şərəf işi, şöhrət işidir. İnsan yalnız öz halal əməyi, həqiqi alın təri ilə xoşbəxt ola bilər. Hər bir halda xoşbəxtliyə gedən yol halal zəhmət yolu, faydalı əmək yoludur. İnsanın estetik zövqü əmək prosesində inkişaf edir, əmək prosesində  kamilləşir.

 

Əmək insan həyatının bir parçası, həm də zəruri elementdir. İnsan həyatının əsl mənası faydalı əməkdə, alın tərindədir. Hələ şifahi xalq ədəbiyyatımızdan başlamış müasir dövrümüzə qədər olan bədii irsimizdə əməyə yüksək münasibət ifadə olunmuş, onun insan həyatındakı böyük rolu tərənnüm edilmişdir.

 

Dahi şairimiz Nizami Gəncəvinin bədii irsinə müraciət edək. Şairin ilk poeması olan “Sirlər Xəzinəsi”ndəki maraqlı hekayələrdən biri “Kərpic kəsən kişinin dastanı”dır. Bu əsədə əməyin şərəfli rolu, insan həyatındaki misilsiz əhəmiyyəti çox parlaq şəkildə açılıb göstərilir. Dünya görmüş kərpickəsən qoca namuslu əməyi sevir, öz əlinin zəhməti ilə dolanır, ruzisini kəpic kəsməklə qazanır, heç kəsə baş əyir və öz sənəti ilə fəxr edir. Qocanın dili ilə onun zəhmətinə xor baxan cavana deyilən:

Onunçun öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl açıb düşməyim xəcalətə –

misraları əməyin mənasını, onun həqiqi romantikasını çox gözəl əks etdirir. Əsərin sonu daha təsirli səslənir:

Gözəl oğlan sarsıldı qocanın bu sözündən,

Orda durmayıb getdi, yaş axıdıb gözündən.

Cavan oğlan qoca ilə söhbətində öz səhvini, yanıldığını başa düşür, göz yaşları tökərək üzr istəyir. O anlayır ki, qocanın halal zəhməti ucalığı, əzəmətidir və bu qoca öz əzəməti ilə çoxlarından yüksəkdə durur.

 

Əmək insan həyatının cöhvəridir. Əmək bolluq, firavanlıq deməkdir. Əmək insan ömrünə bəxtiyarlıq və səadət gətirir, insanı ucaldır, şərəfləndirir. İnsanən öz yaradıcı əməyinin nəticəsindən aldığı zövqü, məmnunluğu ona heç kim bağışlaya bilməz. Böyük şairimiz Hüseyn Cavid çox doğru olaraq göstərir ki, əsl bəxtiyarlıq xalqa xidmətdir. O adam xoşbəxtdir ki, onun əməyi milyonlara gərək olsun, Vətənin, ölkənin çiçəklənməsinə, yüksəlməsinə xidmət etsin. Şair insanları xeyirli işə, təşəbbüskarlığa, yaradıcı əməyə, fədakarlığa çağıraraq deyir:

Haqq da, həqiqət də göz önündədir,

Yer altında deyil, yr üstündədir.

Bəxtiyarsan əgər çəkdiyin əmək,

Cahan sərgisinə versə bir çiçək.

Həyatda səadətə, xoşbəxtliyə gedən yol əmək cəhəsindən keçir. Mən əməyin yaradıcı gücünə inanıram və gələcəkdə mən də öz əməyimlə ucalmağa çalışacağam.