Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz Hüseyn Arif kimi.

 

Hüseyn Arif poetik dünyasına vurğun olduğum bir şairdir. Onun qəlbi və həyata baxışı nurlu, əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzindir. Hüseyn Arif qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir.

 

Hüseyn Arif poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik məziyyətlərini itirər. Hüseyn Arifin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onun yeni şəkildə mənalandırmaq qüdrətinə malik bir sənətkardır. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfəqlə qidalanır.

 

Hüseyn Arif öz şeirlərində vətənin ucsuz-bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, buz bulaqlarından, əzəmətli quruculuq meydanlarından söz açır, xınalı qayaları, naxışlı daşları, Koroğlu nişanəli, Cavanşir izli yalçın qayaları, laləli, nərgizli çəmənləri böyük iftixar hissi ilə vəsf edir.

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım?

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım?

Hüseyn Arif şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyur. O göstərir ki, şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır. Hüseyn Arif şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, loğmanı, təbibi, dayağı bilir, sənətkarı bir vətəndaş kimi Vətən, el, bəşəriyyət uğrunda, kamillik uğrunda mübarizəyə səsləyir:

Bir xalqın dilidir, bir şeirin dili,

Dövrdür, əsrdir, əyyamdır şair…

Ağac alışsa, bir ocaq,

Şair yansa, bir el yanar…

Bir şair ordusu qalxsa ayağa,

Ağ evin üstünə min zülmət çökər.

Hüseyn Arif daha çox təbiət və gözəllik şairidir. O, adi yoncanı, yovşanı, yarpızı Vətənin bir zərrəsi kimi sevir, əzizləyir, adi yovşan kolunun qoynunda şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir.

A Yonca, a Yovşan, bircə gün sizi,

Unutsam, bilin ki, unudulmuşam.

Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseyn Arifin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir. Təbiətə vurğunluğunun nəticəsidir ki, şair öz ad günündə də sevimli obrazlarını – dağ kəlini, ceyranı, cüyürü unutmur:

Deyirəm: – Görəsən, bu ad günümdə

Dağ kəli yadına məni salarmı?

Hüseyn Arif təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şeirə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:

Neçə yarış meydanında saz tutub

Neçə zəfər müjdələri gətirdim.

Nəfəsimlə Azərbaycan elindən

Tarla mehi, zavod ətri gətirdim.

Mən Hüseyn Arif poeziyasını çox sevirəm və inanıram ki, bu lirik söz xəzinəsi əsrlərlə yaşayacaq, öz müəllifini şöhrətləndirəcəkdir.