Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi bir məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın əbədi ruhu, əbədi xatirəsidir.

Yüksəlişə can atmaq insanın təbiətindədir. O, doğulduğu andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Vətən yolunda canını fəda edən vətən övladı əslində ölmür, əksinə, ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan da böyük hünər, bundan da yüksək ucalıq ola bilərmi?!          

Vətən torpağının ucalığında,          

Millətin qəlbində qaldı şəhidlər!         

Ölümün gözünə dik baxa-baxa,         

Ölümə qələbə çaldı şəhidlər!

Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir.  

Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.

Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdır.

Şəhidlər – müqəddəs and yerimiz olan Şəhidlər xiyabanının zinəti, əbədi, lakin yaşar sakinləridir. Onlar bizim fəxrimizdirlər.

Evimizdə hamımızın əzizlədiyimiz, müqəddəs tutduğumuz bir kitab var: Rafiq Səməndərin “Şəhidlər” kitabı. Kitaba ön söz yazan böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri qəlbimizi titrədir: “Yazışı Rafiq Səməndər bu kitabı yazmaqla vətəndaşlıq borcunu namusla yerinə yetirmişdir… Hələ yaramız istidir, hər birimizin bağrında sızıldayır. Biz bu yaranın, bu faciənin dəhşətini sonra biləcəyik. Yaraya isti-isti baxmaq və onun təfərrüatını kağıza köçürmək həm məsuliyyət tələb edir, həm də cəsarət! Bu faciəni bu gün yazmaq da çətindir, bu yazıları sakit ürəklə oxumaq da. Bununla yanaşı, bu faciə məhz indi qələmə alınmalı idi. Tarix üçün, gələcək üçün.”

Hər il yanvar ayının 20-də vətən qeyrətli oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı qərənfil yağışına qərq olur. Göz yaşına bələnmiş bu qərənfillər xalqımızın qəzəbi, nifrəti kimi obrazlaşmış, rəmziləşmişdir. Qərənfil – əzizini, doğmasını, soydaşını itirən və qəlbi göynəyən xalqımızın əlində intiqam bayrağını, qisas silahına çevrilmişdir. Burada yanan əbədi məşəl nakam şəhidlərimizin narahat ruhlarının təcəssümüdür. Bu yer bizim and yerimiz, səcdəgahımızdır. Xalqımız heç vaxt vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır.                   

Torpaqda haqqı var axan qanın da,                   

Bir nərin qolları düşüb yanında.                   

Müqəddəs Şəhidlər xiyabanında,

Dəli bir ağlamaq keçir könlümdən.