Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxt yarlığın açarı zəhmətdən, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Xalqımız arasında əməyə aid çoxlu gözəl atalar sözləri vardır. Bunlardan bəzilərinə diqqət yetirək:

İş insanın cövhəridir.

İşləməyən dişləməz.

Əmək xoşbəxtliyin açarıdır.

Zəhmət olmayan evdən tüstü çıxmaz.

İstəyirsən bol çörək,

Al əlinə bel kürək.

Bəziləri əmək, zəhmət dedikdə, elə fikirləşirlər ki, bu yalnız fiziki işdir, fəhlə və ya kəndli əməyidir. Lakin zehni işlə məşğul olan tədqiqatçılarımızı, elmin yüksək zirvələrini fəth edən alimlərimizi, bədii yaradıcılıq sahəsində çalışan şair və yazıçılarımızı, rəssam və bəstəkarlarımızı və başqalarını da unutmaq olmaz. 

Əmək şandır, şərəfdir, şöhrətdir. Yazılı ədəbiyyatımızda əməyə aid çoxlu gözəl nümunələr vardır.

Görkəmli şairimiz Hüseyn Arifin “Fəhlə əli” şeiri qurub-yaratmaq eşqi ilə yaşayan, öz zəhməti ilə xalqın dərin rəğbətini qazanmış fəhlələrə, onların qabarlı əllərinə həsr olunmuşdur. Şair bu əllərin qadir qüvvəsini, gücünü poladla, dəmirlə müqayisə edir, bu əllərin sahibini ucaların ucası sayır və göstərir ki, zəhmətkeş fəhlə əlləri heç vaxt özgə süfrəsinə uzanmamışdır. Şeirdə fəhlə əlləri, bu əllərin halal zəhməti yüksək iftixar hissi ilə tərənnüm edilir:

Ovcunda qaynayıb coşur bu əlin

Zavod da, mədən də, torpaq da, su da,

Qızılgül ətri tək xoşdur bu əlin

Benzin qoxusu da,  neft qoxusu da.

Həyatda ən gözəl şey zəhmətlə, ağıllı insan əli ilə yaranan şeydir. Əmək bizim ən yaxın dostumuzdur. Şairə Mirvarid  Dilbazi özünün “ Əməkdir mənim adım” şeirndə yalnız əməklə yüksəldiyini, əməyin ona xoşbəxtlik və səadət gətirdiyini, əməksiz yaşaya bilmədiyini göstərir:

İnci, mirvari deyil,

Əməkdir mənim adım,

Həyatımda bir gün də

Əməksiz yaşamadım

Odur ancaq ən yaxın,

Əziz, doğma sandığım,

Ağır zamanlarımda

Hər vaxt arxalandığım.

Evimin, ailəmin

Odur bəxtiyarlığı.