Azərbaycan! Odlar yurdu! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan, sözü qalan “ qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Cəfərlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.  

Azərbaycan! Mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyəndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər. 

Ana vətənim! Azərbaycan! Sən alovlardan, odlardan keçdin, Odlar diyarı kimi tarixə düşdün. Sənin hər qarış torpağında, hər daşında Babək vüqarı, Nəsimi mətanəti, Koroğlu mərdliyi, Nəbi qoçaqlığı görünür. 

Doğma diyarım! Niyə sənin adına Odlar diyarı deyilir? Bəlkə, bu, Koroğlunun misri qılıncından qopan oddur, qığılcımdır; atəşdir?! Bəlkə, bu, Kərəmin çəkdiyi “ah”ın odudur, alova dönüb sinənə hopmuşdur?! Bəlkə, övladlarının məhəbbəti günəş kimi alovlu olduğu üçün adına “ Odlar Yurdu” deyirlər. 

Soyuqluq, soyuqqanlılıq yaddır bizim diyara, bizim torpağa. Azərbaycan diyarında sevib-sevilənləri heç bir atəş yandırmaz. Bu diyarda doğulanlar zülmətə, qaranlığa baş əyməz, qış soyuğuna, buz soyuqluğuna bürünməzlər. Analarımız, bacılarımız, qızlarımız öz ismətləri, ədəb-ərkanları və igidləri ilə tanınmışdır. Bizim  kişi qeyrətli Tomrislərimiz, Burla xatunlarımız, Nigarlarımız, Həcərlərimiz var. Onlar ərlər kimi  vuruşmağı da, düşmənə qarşı qəzəbli, amansız olmağı da, böyüklər, ağsaqqal və ağbirçəklər önündə yaşınmağı da, həya eləməyi, hörmət gözləməyi də bacarmışlar. 

Qeyrətlidir oğlun, qızın,

Müjdəsisən xoş bir yazın,

Qoy aşıq kökləsin sazın,

Ana Vətən! Azərbaycan! 

Ana diyarım Azərbaycan! Tarixini xəyalımda canlandırarkən heyrətlənirəm. Cavanşirlər, Babəklər, Nəbilər, Mehdilər, Həzilər yadıma düşür. Əgər keçmişini vərəqləməsəm, bu gününü də duya bilmərəm. 

Ana Vətənim! Sənin başın nələr çəkməyib?! Həmişə yağıların iştahından keçən yağlı tikə olmusan. Səni müharibə meydanına çeviriblər. Amma sən hər şeyə sinə gərmisən. Övladların canını sənə qurban verib, lakin səni  əyilməyə qoymayıblar. 

1918-ci il mayın 28-də sənin də üzünə azadlıq günəşi doğdu. Sənə kəc baxan gözlər bu günəşin işığından qamaşdı, xəbis ürəklər parçalandı. Lakin, heyflər olsun ki, 23 ay çəkdi müstəqilliyimiz. Anamız Vətən “qırmız imperiya”nın  müstəmləkəçi siyasətinin qurbanı oldu. Zaman-zaman sərvətlərimiz kənara daşındı, nemətlərimiz qəsb olundu. 

Ağrın bizim oldu, dadın özgənin,

Axdın ciblərinə yadın, özgənin.

Özün odlar yurdu, odun özgənin,

Ay mənim Vətənim, Azərbaycanım!

Nə yaxşı ki, sarsılmadıq. Yetmiş ildən sonra qanlar bahasına da olsa, öz  istiqlalımıza qovuşduq, üçrəngli bayrağımızı yenidən yüksəklərə qaldırdıq. Bu gün biz başımız “əhsən!” deyir, onların yolunu davam etdirəcəyimizə, müstəqil və suveren Azərbaycan uğrunda canımızdan belə keçməyə hazır olacağımıza söz veririk.