Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir nəğməsini yazıya alıblar. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər.

Azərbaycan xalqı erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yaddaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və mərasimlərlə bəzənmişdir. Yüzilliklər dolabında bu xalq bayramlarının nəğmə və sözünün nəqşi pozulanı da olub, bəndi unudulanı da. Lakin xalq coşğun bir yaradıcılıqla bayram nəğməsinin pozulmuş ahəngini, el sözünün unudulmuş bəndinin cilalamış, onu sözünün qüdrətli mənəvi dünyasını əks etdirən yallılar, coşğun rəqslər, rəngarəng oyunlar, açıq havada keçirilən meydan tamaşaları ilə bəzəmişdir.

Respublikamızda tarixlərdən bəri süzülüb gələn qədim bayramlar xüsusi təntənə ilə qeyd edilir. Bu bayramların ən möhtəşəmi Novruz bayramıdır.

Bu bayram xalqımızın uzaq keçmişi ilə bağlı bayramlardan biridir. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpaqla insana məhəbbət bayramıdır.

Bayrama qırx gün qalmış başlayan Novruz şənlikləri martın axırına kimi davam edir.

Novruz sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını xəbər eləyən böyük el bayramıdır.

Bu gün o taylı-bu taylı Azərbaycanla yanaşı, Orta Asiya, Əfqanıstan, İran, Pakistan, Türkiyə və başqa azərbaycanlılar yaşayan ölkələrdə Novruz bayramını qeyd edirlər.

Bu gözəl el bayramının özünəməxsus adətləri, etiqad və mərasimləri var.

Novruz bayramını martın 20-21-də, yəni fəsillərin ən gözəli olan yazda qeyd edirik. Martın 21-də yaz girir.

Həmin gün gecə ilə gündüz bərabərləşir, təbiət oyanır, həyat canlanır. Bu isə əkinçilik, bolluq, xeyir-bərəkət, xoşbəxtlik və səadət nişanəsidir. Bu gün ilin ilk günü hesab olunur. Buna görə də Novruz yeni gün deməkdir.

Hər il baharın gəlməsi ilə torpaq oyanır, məhsulun, bolluğun, firavanlığın əsası qoyulur. Əsrlər  boyu xalqımız Novruz bayramında əkinə, kənd təsərrüfatı işlərinə başlamışlar. Müdrik xalqımız anlamışdır ki, bolluğu və firavanlılığı yalnız işləməklə, zəhmətlə yaratmaq olar.

Əməksevər insanlar həm də mahnılar oxumuş, diləklər diləmişlər ki, bolluq olsun. Onlar bayram gününə qədər şumu başa çatdırmış, qoyun-quzuya qulluq etmiş, südün, ətin, yağın, pendirin bol olmasını arzulamışlar. Bayramqabağı yun daramış, ip əyirmiş, xalı toxumuş, ev-eşiyi səliqəyə salmışlar.

Indi də hər yerdə səliqə-səhman yaradılır. Ağac ekilir, bağ-bağça salınır.

Bayrama bir neçə gün qalmış yeniliyin, firavanlığın və əkinçiliyin başlanması əlaməti olan səməni göyərdib taxçalara düzürlər. El-oba səməni mahnısı oxuyur:

Ay səməni, saxla məni,

Ildə cücərdərəm səni.

Ayaq basdın ölkəmizə, 

Bol-bol sevinc gətir bizə.

Qaranquş uzaq ellərdən baharın müjdəçisi kimi gəlir. Camaat belə yazır ki, əgər qaranquşun dimdiyində saman çöpü uçub gələrsə bolluq olar.

Bahar müjdəçisi deyirlər sizə

Səsiniz yayılsın çəmənə, düzə

Sevinc qatılıbdır təranəmizə

Nəğməniz susmasın bir an quşlarım

Oxuyun, oxuyun, qaranquşlarım!

Baharın gəlməsi ilə əlaqədar daha çox uşaqlar şənlənirlər. Axırıncı çərşəmbə axşamından başlayaraq, uşaqlar tonqal qalayırlar. Tonqal-havaların isinməsi, köhnə ilin qada-bəlasının odda yandırılması, yeni ilə pak qədəm qoymaq deməkdir.

Uşaqlar tonqalın üstündən tullanaraq “Ağırlığım-uğurluğum tökülsün bu odun üstünə” deyirlər. Onlar əl-ələ verib Günəşi haraylayır, onu isindirib canlandırmağa çağırırlar:

Gün çıx, gün çıx

Kəhər atı min çıx.

Keçəl qızı evdə qoy

Saçlı qızı götür çıx.

Novruz bayramında uşaqlar boyanmış yumurta döyüşdürür, papaqlarını qonşularının qapısı arxasına qoyub gizlənir, bayram payı istəyirlər.

Novruz bayramında bütün evlərdə bayram şirniyyatı bişirilir, xonça tutulur, şam yandırılır, hər yer çil-çıraqban olur.

Novruz bayramında hamı yoxsullara, əlsiz-ayaqsızlara kömək edir. Qohumlar, qonşular bir-birinin evinə gedir, küsülülər barışır. Xoş ünsiyyət yaranır. Novruz bayramında xalq şənlikləri başlanır, atçapma, güləşmə, qılıncoynatma, kəməndatma üzrə yarışırlar, tamaşa-oyunlar keçirilir. Məzhəkəçilər, kəndirbazlar, göz bağlayıcılar göstərirlər.

Novruz bayramı torpağa,  insana məhəbbət dolu şən bayramdır.

Xoş gəlmisən, səfa gətirmisən, işıqlı, güllü-çiçəkli, bahar bayramı! Novruz bayramı!

Novruz gəldi, yaz gəldi

Bir əlində saz gəldi.

Bir əlində xonçası

Tutub gülü yaz gəldi.