Mən öz valideynlərimi çox sevirəm. Xüsusən anamı dünyalar qədər, bəlkə daha artıq istəyirəm. Anam da çox sevir. Hər dəfə o, mənə “əziz balam” deyəndə elə bil dünyanı mənə bağışlayırlar. Doğrudan da, mən ana səsindən şirin bir musiqi, ana səsindən həzin bir melodiya təsəvvür edə bilmirəm. Hərdən mənə elə gəlir ki, bütün musiqilər, ən məşhur musiqi əsərləri ana səsi, ana laylası üstündə köklənib.          

Mən atamı da çox sevirəm. O, ailəmizin başçısı, böyüyüdür. Atam bizim hamımıza nəvazişlə, qayğıkeşliklə yanaşır, bizi çox sevir. Evin bütün çətin problemlərini atam həll edir. Açığını deyim ki, ailəmizin əksər problemləri onun üzərindədir.  

Mən bilirəm ki, atam da, anam da öz ömürlərini bizim yolumuzda əridir, bizim xoşbəxtliyimiz, səadətimiz üçün çalışırlar. Ona görə mən də həmişə istəyirəm ki, bəzi işlərdə valideynlərimə kömək edim. İlk növbədə çalışıram ki, onlara əziyyətim az dəysin. Paltarlarımı səliqəli geyinir, otaqları təmizliyinə, səliqə-sahmanına diqqət yetirirəm. Anam məni çox istədiyindən qıymır, işləməyə qoymur. Mən də anam evdə olmayanda evləri təmiz süpürür, döşəməni yaş əsgi ilə silir, divarların tozunu alır, pəncərə şüşələrini silib təmizləyirəm. Zibilləri atır, qab-qacağı yuyub təmizləyir, hər şeyi qaydasına salıram. Anam gələnə yaxın yaxşı çay dəmləyir, gələn kimi stəkana töküb qarşısına qoyuram. O, çayı içib təriflədikcə, mən sevinirəm. Sevinirəm ki, mənim belə anam var. Sevinirəm ki, onun əziyyətini az da olsa yüngülləşdirə bilirəm. Sevinirəm ki, anam da məni çox sevir.  

Mən atama da çox qayğı ilə yanaşır, onun bir sözünü iki eləmirəm. O, işdən qayıdan kimi qarşısına pürrəngi çay qoyur, istirahətini təşkil edirəm. Bəzən elə bazarlığı da mən edirəm. Mağazadan çörək və digər ərzaqları alıb gətirirəm. Evdə bəzi təmir işlərində də atama kömək edirəm. 

Soruşanda hamı anasını, atasını çox sevdiyini söyləyir. Məncə, valideynlərinin həqiqi mənada sevənlər o uşaqlardır ki, onlar ata və analarına kömək edir, onların əziyyətini yüngülləşdirməyə çalışırlar. Mən arzu edərdim ki, bütün uşaqlar öz valideynlərinə hörmətlə yanaşıb onlara kömək etsinlər, onların əziyyətini yüngülləşdirməyə çalışsınlar. Belə etsələr, valideynlərin üzü həmişə gülər, ürəyi şad olar.