Ana dili! Ana və dil kəlmələrinin ana dili söz birləşməsinə də ifadə etdikləri fikrin mahiyyətinə diqqət edək. Ana dili anamızın dili, hər bir insanı dünyaya gətirən müqəddəs bir varlığın dili, ayaqları altının hər bir kəsə behişt olduğu bir insanın dili, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran bir məxluqun dilidir. Doğma dilimiz. Soyumuzun, kökümüzün işlətdiyi dil… Bu  dil Azərbaycan dilidir, Vətən dilidir.     

Azərbaycan dili 45-50 milyonluq böyük bir millətin ana dilidir. Bir xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunu şərtidir. Azərbaycan dili də bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Dil xalqın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, adət-ənənələrinin ifadə vasitəsidir. Deməli, ana dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə də torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyi kimi qorunalı, qayğısını çəkməliyik.        

Müdriklərimizdən öyüd-nəsihət ala-ala, gərəkliləri eşidə-eşidə, aqillərimizdən görüb götürə-götürə, fədakarlıq, təmizlik, təvazökarlıq timsalı olan müəllimlərimizdən ədəb-ərkan, mərifət, həssaslıq, düzlük qazana-qazana, klassik və müasir sənətkarlarımızın incilərindən, elmi kitablardan, alimlərimizin söz-söhbətindən faydalana-faydalana ömrümüz boyu öyrənirik, kamilləşirik. Əlbəttə, ecazkar ana dilimizin köməyi ilə…        

Doğrudan da, bu dil nə qədər müqəddəs, qüdrətli və əzəmətli, lətif və şairanədir !.. Çünki bu dil Nizamiləri, Nəsimiləri, Xətailəri, Füzuliləri, Vaqifləri, Zakirləri, M.F.Axundovları, Ü.Hacıbəyovları, N.Vəzirovları, Ə.Haqverdiyevləri, C.Məmmədquluzadələri, S.M.Qənizadələri, C.Cabbarlıları, S.Vurğunları, R.Rzaları və digər görkəmli ədib, yazıçı və alimləri yetişdirən şair təbiətli müdrik xalqımızın ən qiymətli sərvətidir. Onlar dilimizin təmizliyi və saflığı uğrunda həmişə mübarizə aparmış, onun qayğısına qalmışlar.        

Belə mütərəqqi idealı maarifçi-ziyalılarımızdan biri publisist, yazıçı-dramaturq Nəriman Nərimanov olmuşdur. O, bir sıra məqalələrində, eləcə də bəzi məruzə və çıxışlarında ana dilindən sonsuz məhəbbətlə, hərarətlə bəhs etmiş, onun müqəddəsliyini,  əzəmətini dilə gətirmişdir. Görkəmli ədibin “Bu gün” adlı məqaləsini oxuyuruq: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır !..”      

 Əsl vətəndaşlıq qüruru ilə N.Nərimanovun ana dilimiz haqqında hələ keçən əsrin əvvəllərində xalqımıza söylədiyi mənalı fikirlər öz mahiyyətini bu gün də saxlamaqda, dolğunluğu və təzəliyi, təsirliliyi ilə diqqətimizi cəlb etməkdədir.       

Ana dili bütün elmləri  öyrənməyin açarıdır. Hazırda Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Biz hər  vasitə ilə ana dilimizin saflığını, təmizliyini, varlığını bütün əzəməti ilə qoruyub saxlamalı, onu daha da inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik.